Monday, February 2, 2015

Khaled Hosseini - Uçurtma Avcısı

Әslində bu kitabı yeni oxumamışam; hətta üstündən təxminən 8 ay keçib. Amma nə zaman oturub bunun haqqında iki sətir yazım desəm, bacara bilmədim, əlim getmədi düymələrə.. Bu kitabı sevirəm amma sadəcə tək bir dəfə oxumaq şərtiylə; oxuduğum gündən bəri bir daha baxa bilməmişəm bu kitaba, hər gördüyümdə üzümü çevirmişəm.. Sadəcə “Uçurtma Avcısı” gözəl və acı bir kitabdır deyən quru bir şərhlə üstünü örtməyi daha uyğun görmüşəm. Bu kitabı oxuduğum axşamı, çox yaxşı xatırlayıram bütün gecə yatağımın içində dönüb durmuş, pis-pis yuxular görmüşdüm. Vicdanım o qədər narahat olmuşdu ki, bir ara “kaşki oxumasaydım” belə demişdim..

Bu kitab iki dostun hekayəsini izah edir..; Әfqanıstan’ın Ruslar tərəfindən işğal edilmədiyi dövrlərdə doğulub böyümüş, birlikdə “qardaş” olmuş iki dost. Biri Әmir; şəhərin öndə gələn zənginlərindən birinin oğlu, digəri isə Həsən; onların xidmətçilərinin oğlu.. Aralarında belə bir fərq olmasına rəğmən, birlikdə böyüyüblər və hər şeyi birlikdə edirlər..

Həsən, Әmir’ə çox bağlıdı; onun üçün hər şeyi edə biləcək bir bağlılıq var onun içində. Amma təəsüf ki, bu iki dostun gözəl keçən uşaqlıq illəri, kitabın böyük bir bölümünü əhatə etmir; ayrılan yolları müharibə ilə birlikdə daha çox dərinləşir. Әmir və atası ölkəni tərk edərək Amerika’ya yerləşir.. İllər sonra Әmir’ə bir xəbər gəlir; “Həsən'in oğlu Talibanlılar’ın əlindədir və o xilas olunmalıdır”.. İndi çox şeyi izah etmədən keçdiyimin fərqindəyəm; amma Әmir üçün güvənli bir ölkədən Taliban idarəsi altındakı təhlükəli bir ölkəyə getməyin; öz həyatı daxil bir çox şeyi riskə atmağın nə demək olduğunu siz təxmin edin.. Amma onun da Həsən'ə  ödənməsi vacib olan bir borcu var..

Kitab, bu hekayə üzərindən bizlərə, əslində tam dibimizdə olan amma gözlərimizi bağlayıb görmək istəmədiyimiz bir  acını göstərir.. Әmir’in gözlərindən, Həsən’in və oğlunun dramından gözəl bir ölkənin petrol uğruna öncə Rus’lar tərəfindən, sonrada onları ölkədən kənarlaşdıraraq idarəni öz əlinə almış Taliban tərəfindən cəhənnəmə çevrilişini; bu müddətdə onlarca məsum insanın əzablarını görürük.. Və bunu izləyən bizlərdə narahat olmuş bir vicdanla oturduğumuz yerdə qıvranıb dururuq.. Anlaşıldığı kimi elə də çox iç açıcı bir kitab deyil, amma bir kərə oxunmuş olmasına rəğmən oxuyan hər kəsin içinə işləyə biləcək bir kitabdır..

Onu da qeyd edim ki, yazar Khaled Hosseini’nin “The Kite Runner” adlı kitabından yola çıxılaraq çəkilmiş bir film belə var.. Yazarın da uşaqlığı Әfqanıstan’da keçmiş,  sonrasında isə ailəsi ilə birlikdə Amerika’ya yerləşmişdir.. Bəlkə də o dövrü izah edərkən Әmir və Həsən üzərindən öz uşaqlığını da izah etmişdir..

Bu kitabla rastlaşdığınız an mütləq oxuyun.. Gec oldu amma sonunda bu kitab haqqında mən də iki sətir bir şey yaza bildim..

No comments:

Post a Comment